Keçid linkləri

2025, 07 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:00

Bəhruz Səmədov məhkəməsinin qapalı keçirilməsinə etiraz edir: səfirlik təmsilçiləri, nənəsi buraxılmadı


Bəhruz Səmədov
Bəhruz Səmədov

Dövlətə xəyanətdə suçlanaraq 15 il həbs cəzası kəsilən politoloq Bəhruz Səmədovun haqqındakı hökmdən apellyasiya şikayəti verilib. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində onun şikayəti üzrə ilkin iclas keçirilərkən prosesi izləməyə gələnlərin hamısı məhkəmədən çıxarılıb. Onların arasında B.Səmədovun tək ailə üzvü olan nənəsi Zibeydə Osmanova, ABŞ və Fransa səfirliklərinin təmsilçiləri, ictimai fəalın dostları da olub.

Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası ilkin iclas da daxil, bütün məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verib. Buna B.Səmədov da, onun vəkili də etiraz edərək qərarı qanunsuz saydıqlarını bildiriblər. Məhkəmə baxışı qapalı keçirilsə də, ilkin iclas və sonda qərarın elanı açıq olmalıdır.

Umbakı Penitensiar Kompleksində saxlanılan B.Səmədovun apellyasiya məhkəməsi gedən müddətdə onun Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə vəsatət verilsə də, təmin olunmayıb.

Prokuror ittihamla tanış olmadığını əsas gətirib, ona vaxt verilməsini istəyib. Bu üzdən, B.Səmədovun məhkəməsi avqustun 13-dək ertələnib.

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli sayılıb.

O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.

B.Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəal ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəlibmiş.

XS
SM
MD
LG