Keçid linkləri

2025, 07 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:01

Qazaxıstanın atom manevrləri: Astana nüvə enerjisi ambisiyalarında Pekinə doğru meyllənir


Kasım-Jomart Tokayev və Si Jinpin 2019-cu ildə Pekində görüşür.
Kasım-Jomart Tokayev və Si Jinpin 2019-cu ildə Pekində görüşür.

İyulun 31-də keçirilən mətbuat konfransında Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar Çinin Qazaxıstanın üçüncü atom elektrik stansiyasını tikəcəyini elan edib. Bununla da Pekinin Mərkəzi Asiya ölkəsinin nüvə gələcəyinə artan təsiri daha da dərinləşir.

"Üçüncü zavod (ikincisi kimi) da Çindən gələcək", - Sklyar AzadlıqRadiosunun jurnalistinin sualını cavablandırarkən deyib. "Hazırda müvafiq qurumdan olan həmkarlarımız bu məsələ üzərində işləyir", - o qeyd edib.

Bu açıqlama iyunda ikinci zavodun Çinin dövlətə məxsus "China National Nuclear Corporation" (CNNC) şirkətinə verilməsi barədə qərarından sonra gəlib. Həmin qərar Çin–Mərkəzi Asiya sammiti üçün Çin lideri Si Cinpinin Astanaya səfərindən cəmi bir gün əvvəl elan olunmuşdu.

Çin yüksəlir, Rusiya geridə qalır

Qazaxıstan rəsmi şəkildə simvolik olaraq "birinci" nüvə elektrik stansiyası layihəsini 2025-ci ilin iyununda Rusiyanın "Rosatom" şirkətinə versə də, görünür ki, Astana nüvə infrastrukturunu əsas güclər arasında strateji şəkildə bölüşdürür. Qazaxıstanın strateji uzaqgörənliyinin göstəricisi olan bu addım geosiyasi tarazlaşdırma siyasəti kimi dəyərləndirilir: Moskva ilə əlaqələri qoruyub saxlamaqla yanaşı, Pekinə – daha etibarlı və Qərb sanksiyalarına daha az məruz qalan tərəfdaşa yönəlmək.

Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev iyunun 15-də verdiyi açıqlamada deyib: "Çin, şübhəsiz ki, bütün lazımi texnologiyalara və sənaye bazasına malik olan ölkələrdən biridir".

Bu iki layihə arasındakı fərq isə olduqca kəskindir. "Rosatom" Qazaxıstanın ilk nüvə elektrik stansiyasını inşa etmək öhdəliyini daşıyır və bu layihənin 2035-ci ilə və ya daha sonrasına qədər tamamlanması planlaşdırılır. Lakin layihə, əsasən, Rusiyanın maliyyələşməsindən asılıdır – bu isə Kremlin Ukraynada davam edən müharibəsi, dərinləşən maliyyə təzyiqləri və sanksiyalar fonunda qeyri-müəyyən olaraq qalır.

Qazaxıstanlı deputat Ermurat Bapi AzadlıqRadiosuna bildirib: "CNNC-nin arxasında Çinin güclü sənaye bazası, geniş maliyyə resursları var və ən əsası, o, Qərb sanksiyalarından azaddır. Bu da onu ölkəmiz üçün daha praktik və siyasi baxımdan daha təhlükəsiz tərəfdaşa çevirir".

"Bu seçim bizi Qazaxıstanın nüvə gələcəyinin praktikliyi və təhlükəsizliyinə əmin edir", - Bapi bildirib. Onun sözlərinə görə, birinci nüvə stansiyasının tikintisi üçün Rusiya seçilsə də, artıq aydındır ki, Çin ehtimal ki, ikinci və hətta üçüncü nüvə stansiyasını "Rosatom" öz layihəsini başa çatdırmazdan xeyli əvvəl reallaşdıra biləcək.

"Beləliklə, Qazaxıstanda de-fakto ilk nüvə elektrik stansiyasını böyük ehtimalla Rusiya deyil, Çin tikəcək", - deputat bildirib.

Almatı vilayətinin Ülkən kəndi və yaxınlığındakı elektrik yarımstansiyası. Ülkən AES-in tikintisi üçün üstün yer kimi seçilib.
Almatı vilayətinin Ülkən kəndi və yaxınlığındakı elektrik yarımstansiyası. Ülkən AES-in tikintisi üçün üstün yer kimi seçilib.

Almatıdan olan politoloq, Riskin Qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev deputatın fikirləri ilə razılaşaraq "Rusiya sadəcə olaraq hazırda əsas infrastrukturu maliyyələşdirə bilmir", - deyə qeyd edib.

Satpayevin sözlərinə görə, "Sklyarın üçüncü stansiyanın tikintisi üçün Çinlə bağlı qərarı elan etməsi Rusiya Qazaxıstanda üç istilik elektrik stansiyasının tikintisindən imtina etdiyi vaxta təsadüf edib". O xatırladıb ki, bu, 2024-cü ildə vəd edilmiş 2 milyard dollarlıq layihə idi.

Satpayev həmçinin Rusiyanın "Rosatom" şirkətinin Türkiyədə inşa etdiyi Akkuyu Atom Elektrik Stansiyasına da diqqət çəkərək, bunu xəbərdarlıq siqnalı kimi dəyərləndirib. O bildirib ki, orada işçilər son zamanlar maaşları ödənmədiyi üçün etiraz aksiyaları keçiriblər. Bu isə Moskvanın sanksiyalar və müharibədən qaynaqlanan iqtisadi çətinliklər fonunda uzunmüddətli öhdəliklərini yerinə yetirməkdə getdikcə aciz qaldığını göstərir.

"Rusiyanın "Rosatom" şirkəti Qazaxıstanın ilk nüvə elektrik stansiyasının podratçısı olsa da, bu layihə təxminən 14 milyard dollar dəyərində olmaqla, həm bahalı, həm də riskli bir təşəbbüsdür", - Satpayev AzadlıqRadiosuna bildirib.

Referendum dönüş nöqtəsi kimi

Qazaxıstanın nüvə enerjisi sahəsində dirçəlişinin əsası 2024-cü ilin oktyabrında qoyulub. Həmin vaxt hökumət nüvə enerjisinin inkişaf etdirilib-etdirilməməsi ilə bağlı mübahisəli referendum keçirib. Rəsmi məlumatlara görə, seçicilərin 71 faizindən çoxu bu planı dəstəkləyib. Lakin referendum bülletenlərin qutulara kütləvi doldurulması kimi səsvermə saxtakarlığı, Almatı kimi böyük şəhərlərdə seçici fəallığının zəifliyi (25 faiz) və 30-dan çox fəalın həbs olunması ilə kölgələnib.

Qazaxıstanda bir çoxları ölkənin şimal-şərqində Sovet dövründə onilliklər boyu davam edən nüvə sınaqlarından miras qalmış ekoloji problemləri, "Baykonur" kosmodromunun fəaliyyətini və Rusiyanın layihədə iştirakından ehtiyatlandığını əsas gətirərək ölkədə nüvə stansiyalarının tikintisi ideyasını tənqid edib.

Ancaq hökumət referendumun nəticələrindən enerji ambisiyalarını əsaslandırmaq və beynəlxalq sərmayəçilərə ictimai dəstəyin – hər nə qədər saxta olsa da – mövcud olduğunu göstərmək üçün istifadə edib.

İqtisadi cəhətdən uğursuz Ülkэn kəndində tərk edilmiş evlər. O, atom elektrik stansiyasının mümkün tikintisi üçün yer kimi nəzərdən keçirilir.
İqtisadi cəhətdən uğursuz Ülkэn kəndində tərk edilmiş evlər. O, atom elektrik stansiyasının mümkün tikintisi üçün yer kimi nəzərdən keçirilir.

Astananın nüvə diplomatiyası: Çoxvektorlu strategiya

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dəfələrlə bildirib ki, Qazaxıstan Cənubi Koreyanın elektrik nəhəngi KHNP və Fransanın EDF elektrik şirkəti də daxil olmaqla digər ölkələrlə əməkdaşlığa açıqdır. O, hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) nəzarəti altında beynəlxalq konsorsium yaradılması ideyasını da irəli sürüb.

Lakin Çinə artan strateji meyl Qazaxıstanın digər potensial tərəfdaşları ilə əlaqələrində gərginlik yarada bilər. Müttəfiqlikdəki bu dəyişiklik Qazaxıstanın xarici siyasət mövqeyinə və regional enerji və təhlükəsizlik diplomatiyasındakı roluna mühüm təsirlər göstərə bilər.

İndi Pekinin planlaşdırılan üç stansiyadan ikisinin tikintisini idarə edəcəyi təsdiqlənib və Qazaxıstanın yüksəkrütbəli nüvə rəsmiləri açıq şəkildə Çinin imkanlarını yüksək qiymətləndirirlər. Qazaxıstan rəsmiləri bildirib ki, üçüncü zavodun yerləşəcəyi yerin 2025-ci ilin sonuna qədər elan edilməsi gözlənilir.

Deputat E.Bapinin sözlərinə görə, bu yeni model Qazaxıstanın xarici siyasət mövqeyində mühüm dəyişiklikləri göstərir: passiv tarazlıqdan öz şərtləri ilə böyük güclər arasındakı rəqabətin fəal idarə edilməsinə keçid.

"Qazaxıstan Çini əsas nüvə tərəfdaşı kimi seçməklə təkcə Rusiyanın qeyri-sabitliyinə qarşı sığortalanmır; həm də regional enerji və təhlükəsizlik diplomatiyasında müstəqil aktor kimi öz mövqeyini təsdiq edir. Bu dəyişiklik Qazaxıstanın regional diplomatiyada artan müstəqilliyini və təsirini vurğulayır", - Bapi qeyd edib.

"Qazaxıstanın bu məsələdə indiki manevrləri davam edən qlobal geosiyasi dəyişikliklərin əksidir", - o vurğulayıb.

Bu niyə əhəmiyyətlidir?

Dünyanın aparıcı uran istehsalçısı olan Qazaxıstana uzun müddətdir ki, rəqib güclər arasında neytral zona kimi baxılır. Lakin Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı işğalçı müharibə başlamasından sonra Qazaxıstanın strateji dəyəri artıb və bu, Moskvanın postsovet məkanında yumşaq gücünü zəiflədib.

İndi Astana uzunmüddətli təhlükəsizlik və iqtisadi təsir imkanları yaratmaq üçün enerji sektorundan, xüsusən də nüvə sektorundan istifadə edir.

"Qazaxıstanın çoxvektorlu xarici siyasəti artıq hamını eyni dərəcədə razı salmaqdan ibarət deyil, həddindən artıq asılılıqdan qurtularaq kritik əhəmiyyətli sektorlarda qalibləri seçməkdən ibarətdir", - Bapi bildirib.

Martda prezident Tokayev ölkənin enerji strategiyasına toxunaraq vurğulayıb: "Biz bir tərəfdaş seçmirik, Qazaxıstan üçün ən yaxşısını seçirik".

Ancaq politoloq Satpayev xəbərdarlıq edir ki, Çinin nüvə enerjisində sürətli addımları təkcə enerji ehtiyaclarını ödəməkdən ibarət deyil.

"Atom elektrik stansiyasının tikintisi heç vaxt təkcə enerji ilə bağlı olmur. Bu, geosiyasi layihədir. Təchizatçı ölkə reaktorları təmin edir, texniki dəstək, konsaltinq və tez-tez texniki xidmət göstərir. Bu, ev sahibi ölkəni həm strateji, həm də texnoloji cəhətdən asılı vəziyyətə salır. Bu asılılıq ev sahibi ölkənin suverenliyinə və təhlükəsizliyinə potensial təhlükə yarada biləcək mühüm geosiyasi təsirlərə malik ola bilər".

Satpayevin fikrincə, nüvə gələcəyini Çin və Rusiya arasında bölüşdürməklə Qazaxıstan milli enerji təhlükəsizliyini və nəticədə milli suverenliyini risk altında qoyur. O vurğulayıb ki, bu bölünmə ölkənin enerji resursları üzərində nəzarətin itirilməsinə gətirib çıxara və xarici təsirlərə qarşı həssaslıq yarada bilər.

"Müharibə dövründə biz nə baş verdiyini görmüşük. Təcavüzkarın ilk addımı çox vaxt enerji infrastrukturunu vurmaq və ya boğmaq olur. Qazaxıstan iki böyük geosiyasi oyunçuya güvənməklə öz müstəqilliyini güzəştə gedir", - Satpayev bildirib.

Yazını AzadlıqRadiosunun aparıcı müxbiri Merhat Şaripjan və radionun Qazaxıstan xidməti hazırlayıb.

XS
SM
MD
LG