Avqustun 8-də imzalanacaq sülh sazişi Qafqazı "sülhə doğru dönməz yola" çıxaracaq, on illərlə davam edən müharibəyə son qoyacaq. Bunu "Kyiv Post" nəşrinin Vaşinqton müxbiri Alex (Ələkbər) Raufoğlu ABŞ-nin bir neçə rəsmisinə istinadla yazır.
Sazişin mərkəzində yeni kommersiya və infrastruktur layihəsi dayanır – Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (ingiliscə qısa adı: TRIPP). Bununla da Ermənistanın cənubundan keçməklə Azərbaycanla Naxçıvan eksklavı arasında maneəsiz əlaqə yaranacaq.
Anonimlik şərtiylə danışan ABŞ rəsmiləri deyiblər ki, marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
ABŞ marşrut boyunca qüvvələrini yerləşdirməyəcək, "sərt təhlükəsizlik qarantiyası" da verməyəcək. ABŞ-nin iştirakının tamamilə kommersiya xarakterli olacağı bildirilir. Eyni zamanda, marşrutun təhlükəsiz işləməsinin məsuliyyətini götürəcək.
Avqustun 8-də İlham Əliyevlə Nikol Paşinyan Ağ evdə bir sıra sənədlər imzalayacaqlar. Bu sırada birgə bəyannamə var. Bu sənəd sülhə aparan konkret yolu, münasibətlərin tam normallaşmasını rəsmiləşdirəcək.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.
Minsk qrupundan çıxmaqla bağlı birgə məktub imzalanacaq, hər iki ölkə rəsmən ATƏT-in Minsk qrupundan çıxacaq.
ABŞ Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda anlaşma memorandumları imzalayacaq.
TRIPP işçi qruplarının sammitdən sonrakı həftə müzakirələrə başlayacağı, Trampın onların işini tamamlaması üçün son tarix qoyacağı bildirilir.
Razılaşmaların uzunmüddətli, azı 50 illik olacağı, amma konkret müddətlə bağlı danışıqların hələ getdiyi vurğulanır.
Azərbaycan hökuməti Naxçıvanla quru əlaqəsini nəzərdə tutan, Ermənistanın Sünik ərazisindən keçməli olan yola "Zəngəzur dəhlizi" deyir. Ermənistan tərəfi isə bunu ərazi iddiası adlandırır.
Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb.
Siyasi şərhçi Xəqani Cəfərli deyir ki, TRIPP tərəflərin bir birinə kompromisə getdiyi anlamına gəlir: "Ermənistan və Azərbaycanın təklif etdiyi variantlar tamamilə fərqli idi. Burada isə artıq görünür ki, bütövlükdə Azərbaycanın tam istədiyi olmasa da, maraqları nəzərə alınır. Burada bir zəmanətçi və yaxud da ki, təminatçı dövlət kimi çıxış edə biləcək Birləşmiş Ştatların da maraqları nəzərə alınır. Əlbəttə, hər kəs istəyər ki, daha çox onun maraqları təmin olunsun. Amma bir əməkdaşlıq bünövrəsi qoyulursa, bu, kompromislə qoyulmalıdır ki, gələcəkdə tərəflərdən hansısa birinin ciddi etirazı baş verməsin".
Ruben Mehrabyan: "Tramp marşrutu" Ermənistanın təklifidir
Ermənistandan siyasi şərhçi Ruben Mehrabyan deyir ki, "Tramp marşrutu" Ermənistanın özü tərəfindən təklif edilib, Ermənistan keçidi maksimum dərəcədə asanlaşdırır: "Bütün suveren hüquqlara riayət edilməklə elə bir model təklif olunur ki, bu, bütün tərəflərin etirazlarını aradan qaldırır. Heç bir tərəfin suveren hüquqları pozulmur. Ən vacibi də budur. Bu, erməni tərəfinin yeganə mövqeyi idi. Erməni tərəfi heç vaxt problem kimi deyil, problemin həlli kimi təqdim olunub. Və cənab Tramp faktiki olaraq bizim mövqeyimizlə həmrəy oldu və müvafiq bir təklif verdi ki, bu da ümumilikdə bütün etirazları aradan qaldırır".
Təhlilçi marşrut boyunca təhlükəsizliyin beynəlxalq standartlara uyğun şəkildə təmin olunacağını deyir: "Yəni, beynəlxalq təcrübədə bu məsələdə son söz nədirsə, elə də ediləcək. Burada məsələ texniki xarakter daşıyır və onun həlli çox sadədir. Ən vacibi isə odur ki, belə bir təhlükəsizlik mexanizminin formalaşdırılması ilə bağlı siyasi qərar veriləcək və bu, hamı üçün maksimum komfort yaradacaq. Bu, Ermənistanla Azərbaycanın ortaq iqtisadi maraqlarını formalaşdırır. Bu, belə desək, gündəmdən hər hansı – hətta nəzəri baxımdan belə – Ermənistanla Azərbaycan arasında gərginliyin eskalasiyası ehtimalını çıxarır. Bəli, de-fakto olaraq real sülh qurulur".
Türkiyə sərhədləri açacaqmı?
Karneqi Rusiya Avrasiya Mərkəzinin Cənubi Qafqaz üzrə təhlilçisi Olesya Vartanyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, 8 avqust görüşündən əsas gözlənti sülh sazişinin paraflanacağı, yaxud hansısa aralıq sənədin imzalanacağıdır. Bu addımın hansı praktik nəticələrə gətirəcəyi də vacibdir. Məsələn Türkiyə 3 il öncə bağlanmış razılaşmaları reallaşdıraraq sərhədləri açacaqmı, birbaşa ticarətə başlayacaqmı.
İkinci məsələ isə ABŞ-nin iştirakıyla tranzit əlaqəsidir: "Bəlkə də, ən vacib məsələ bunun pulunu kimin ödəyəcəyidir. Hələ də əlavə investisiyaların olacağı bəlli deyil. Hətta Ermənistanın cənubundan keçən nəqliyyat əlaqəsinin başlanğıcı üçün, yolun ən azı bərpası üçün sərmayələr lazımdır. İkinci isə, onu genişləndirməkdir. Əgər dəmiryol əlaqəsi barədə razılığa gəlsələr, bu, indiki vəziyyətdə daha asan görünür. Amma sovet vaxtı orada tək bir xətt var idi, indi isə o xətt belə yoxdur. Avropa İttifaqı tərəflər arasında vasitəçilik edəndə hamı ümid edirdi ki, vəsait məhz Avropa İttifaqından olacaq".
Təhlilçinin fikrincə, ən əsas məsələ indi təkcə erməni tərəfinin nəyi, necə əldə edəcəyi deyil, daha çox amerikalıların danışıqlar prosesinə nə qədər uzun müddət cəlb olunacağıdır: bu, birdəfəlik razılaşma olacaq, yoxsa ABŞ prosesdə davamlı iştiraka maraq göstərəcək.
O.Vartanyan düşünür ki, Aİ-nin Cənubi Qafqazda daha uzunmüddətli maraqları və mövcudluğunu nəzərə alaraq, bloku bu prosesə cəlb etməyə çalışmaq indi Ermənistanın maraqlarına uyğun olardı.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.