Keçid linkləri

2025, 07 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:13

Tramp-Putin görüşü müharibəni bitirə bilərmi? 'Biz bu filmi əvvəl də görmüşük'


V.Putin və D.Tramp
V.Putin və D.Tramp

Avropa İttifaqından olan diplomatik mənbə AzadlıqRadiosuna bildirib ki, "görünür, Tramp və Putin arasında şəxsi görüş hazırlanır".

"The New York Times" və CNN məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp artıq gələn həftə Rusiya prezidenti ilə görüşməyi planlaşdırır və daha sonra Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirmək istəyir. Görüşün harada keçiriləcəyi barədə isə hələ heç bir məlumat yoxdur.

Beynəlxalq Böhran Qrupunun Ukrayna üzrə analitiki Lusian Kim AzadlıqRadiosuna bildirib ki, Putin Zelenski ilə görüşdə istəksiz ola, lakin o, Trampla görüşmək fürsətini əldən vermək istəməz.

"Biz başa düşməliyik ki, Putinin münaqişəyə dair həll anlayışı Trampın və ya Zelenskininkindən çox fərqlidir", - Kim bildirib.

Putin, bir tərəfdən, ABŞ ilə ciddi şəkildə pozulmuş münasibətləri yaxşılaşdırmaq istəyini nümayiş etdirməyə çalışır, digər tərəfdən isə, Ukraynanı öz iradəsinə tabe etdirməyə davam edir. O, 2022-ci ilin fevralında genişmiqyaslı işğalla 1945-ci ildən bəri Avropada ən böyük müharibəsini başladıb.

Demokratiyaların Müdafiəsi Fondunda Rusiya proqramının direktor müavini Con Hardi Uitkoff-Putin görüşünün müharibəni bitirəcək bir razılaşma ilə nəticələnəcəyi ehtimalına ehtiyatla yanaşır.

"Biz bu filmi bir növ daha əvvəl də görmüşük – Tramp müəyyən bir son tarixə qədər razılaşma əldə olunmasa, iqtisadi cəza ilə hədələyir, sonra isə ruslar boş vədlər və ya mənasız danışıqlar təklif edirlər və məsələ sadəcə uzadılır",- Hardi AzadlıqRadiosuna bildirib. "Ümid edirəm ki, bu dəfə belə olmayacaq".

"Salami taktikası"

Tramp apreldə tam və uzadıla bilən 30 günlük atəşkəs təklifi irəli sürmüş, Ukrayna da bu təklifi qəbul etmişdi. Lakin Rusiya bu ideyanı faktiki olaraq rədd edərək sülh istədiyini bildirsə də, Kiyev və Qərbin qəbuledilməz saydığı bir sıra şərtlər irəli sürüb. Putin Ukraynanın neytral statusunu və ordusunun sayına ciddi məhdudiyyətlər qoyulmasını tələb etməklə yanaşı, Rusiyanın qismən işğal etdiyi və öz ərazisi kimi iddia etdiyi dörd bölgənin – Donetsk, Luqansk, Zaporojye və Xersonun ona verilməsini istəyib.

Bir çox analitiklər hesab edir ki, Rusiya qoşunları cəbhə xəttində davamlı irəliləyiş əldə etdikcə, Putin hər hansı ciddi danışıqlara başlamazdan əvvəl həmin bölgələrin tam nəzarətini ələ keçirmək istəyir.

Çoxları yaxın günlərdə Rusiyanın müharibəni dayandıracağına və ya bitirəcəyinə inanmır, lakin bəzi analitiklər Kremlin Uitkoffun səfərindən sonra sanksiya təhdidini yüngülləşdirmək və ya uzatmaq üçün istifadə edə biləcəyini proqnozlaşdırıblar. "Bloomberg News" adları açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, Moskva dron və raket zərbələrinin dayandırılması təklifi daxil olmaqla müəyyən güzəştləri nəzərdən keçirir.

Ukraynalı siyasi analitik Oleq Saakyan avqustun 6-da, Putin-Uitkoff görüşündən əvvəl "Current Time"a bildirib: "Rusiya üçün indi vacib olan Trampın verdiyi son tarixi təxirə salmağa kömək edəcək müəyyən təşəbbüslər tapmaqdır. Və buna uyğun olaraq, "salami taktikası" tətbiq etmək - hər şeyi çox nazik dilimlərə bölmək və Trampa zamanla kiçik qələbələr verməkdir".

"Yeganə sual budur: Tramp bu tələyə düşməyə hazırdır, yoxsa yox", - analitik əlavə edib.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

XS
SM
MD
LG